Oktyabrın 17-də dünya Beynəlxalq Yoxsulluğun Ləğvi Gününü qeyd edir. Bu il mən yoxsulluğun ləğvinin Azərbaycan üçün nə demək olduğu barədə düşünürəm.
2000-ci illərin əvvəllərindən etibarən Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın gücləndirilməsi sahəsində heyrətamiz uğurlar əldə edib. Yüksək iqtisadi artım templəri, artan məşğulluq və yüksək real əmək haqqı artımları yoxsulluğun azalmasına və orta sinfin genişlənməsinə səbəb olmuşdur.
Pensiyalar da daxil olmaqla sosial transferlər və sosial müdafiə tədbirləri yoxsulluğun azaldılmasına kömək etmiş və əhalinin ən aşağı yaşayış səviyyəsinə malik olan 40 faizlik hissəsinin gəlirlərinin artmasında əhəmiyyətli rol oynamışdır. Bu, çox əhəmiyyətli irəliləyişdir.
Təəssüf ki, COVID-19 pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da yoxsulluğun azaldılması səylərinə təsir etdi. Bir çox ailələr işsizlik və maddi çətinliklərlə üzləşdi və həssas qruplardan olan ev təsərrüfatları üçün yoxsulluq problemi daha da dərinləşdi. Pandemiya, təhsil də daxil olmaqla, bir çox vacib xidmətlərin göstərilməsində fasilələrə səbəb olmaqla insan kapitalına da ciddi təsir göstərdi. Yoxsulluqla mübarizə barədə düşünərkən təhsil ağla gələn ilk məsələlərdən deyil, amma o, Azərbaycan üçün çox aktualdır.
“Öyrənmə yoxsulluğu” nisbətən yeni konsepsiyadır, lakin daha çox diqqət yetirməli olduğumuz bir anlayışdır. Bu, həm təhsilə çıxışı – yəni tədrisdən məhrum olma göstəricisini yaxud da məktəbdən kənarda qalan ibtidai məktəb yaşlı uşaqların faizini, həm də öyrənmə məhrumiyyəti göstəricisini yaxud öz yaşlarına uyğun minimum oxu bacarıqlarına malik olmayan uşaqların faizini əhatə edir.
Başqa sözlə, “öyrənmə yoxsulluğu” həm uşaqların məktəbə gedib-getməmələrini, həm də məktəbdə öyrənib-öyrənmədiklərini nəzərə alır.
İnsan Kapitalı İndeksinin keçən ilki buraxılışında Azərbaycan 2010-2020-ci illər arasında səhiyyə və təhsil sahəsində göstəricilərini ən çox yaxşılaşdıran 10 ölkə arasında yer almışdır. Bununla belə, Azərbaycanda “öyrənmə yoxsulluğü” mövcuddur. Dünya Bankı və Azərbaycan Hökuməti tərəfindən 2020-ci ildə həyata keçirilən “Yaşa, Öyrən, İnkişaf et: Azərbaycanın İnkişafını Sürətləndirmək üçün İnsan Kapitalına Strateji İnvestisiyalar” adlı araşdırmada göstərilir ki, təhsil nəticələrində genişlənməkdə olan bərabərsizliklər mövcuddur.
Standartlaşdırılmış imtahanlarda daha imkanlı ailələrdən olan şagirdlər daha yoxsul ailələrdən olan şagirdlərə nisbətən 96 bal və ya üç illik təhsilin ekvivalenti qədər daha yaxşı nəticə göstərmişlər. Kənd yerlərində təhsil alan şagirdlər şəhər uşaqlarından 48 bal aşağı toplayıblar. Şagirdlərin oxuma savadlılığının qlobal qiymətləndirilməsində Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda ən yüksək və ən aşağı nəticə göstərən şagirdlər arasında ən böyük fərqə malik ölkə olmuşdur. Azərbaycanda şagirdlər orta hesabla 12 il təhsil aldıqları halda, bu müddət təhsilin keyfiyyətinə görə korreksiya olunduqda cəmi 9 ilə bərabərdir.
“Öyrənmə yoxsulluğu” ilə mübarizə aparmaq üçün Azərbaycan təhsilə bərabər çıxışın təmin edilməsinə və onun keyfiyyətinin yüksəldilməsinə sərmayələri davam etdirə, yoxsul və həssas vəziyyətdə olan ailələrdən gələn uşaq və gənclərin təhsillə bağlı üzləşdikləri maneələri aradan qaldıra bilər.
Yekun olaraq, “Azərbaycan 2030” strategiyasına uyğun olaraq, məktəbəqədər və erkən təhsilin genişləndirilməsindən tutmuş, ali təhsilin innovasiyalarının və beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsinə qədər təhsilin bütün pillələrinə sərmayələrin davam etdirilməsi və ali təhsilin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması Azərbaycanın insan kapitalını inkişaf etdirməyə kömək edəcək. Bu da öz növbəsində ölkənin bilik, innovasiya və artım potensialını gücləndirəcək və yoxsulluğun aradan qaldırılması istiqamətində Azərbaycanın irəliləyişini sürətləndirəcəkdir.
Join the Conversation